Yuxu haqqında


Yuxu hər bir canlı üçün olmazsa, olmaz ehtiyaclardan biridir. Yuxusuz qalan insanlar gün boyu aqressiv, əsəbi və dağınıq fikirli olurlar. Bununla yanaşı yuxusuzluq insanın psixologiyasına mənfi təsir göstərərək heç reaksiya verilməyəcək,sadə hadisə qarşısında belə sərt reaksiya verməsinə səbəb olur.
İnsanlar ac-susuz uzun müddət qala bildikləri halda yuxusuz çox qala bilmirlər. Baş verən yol qəzalarının əksəriyyətinin yuxusuzluqdan olduğu hər kəsə məlumdur.
İnsanın nə üçün yatdığı barəsində fikirlər olsa da, tam mənası ilə izahı mümkün olmamışdır. Ümumbəşəri bir kitab olan Qurani Kərimdə də bir çox yerdə yuxu mövzusuna toxunulub (1). Nəzərə alsaq ki, Quran yaradıcının yaratdıqlarına rəhbər olaraq göndərdiyi bir kitabdır, yuxunun orada zikr edilməsinin əhəmmiyyətini izah üçün kifayət edən bir faktordur.
Danılmaz bir həqiqətdir ki, uğurlu olmaq istəyirsinizsə, işə yuxunuzu nizama salmaqla başlamalısınız. Yuxunu nizama saldıqdan sonra həyatınızda baş verəcək dəyişiklikləri qısa zamanda görməyə başlayacaqsınız.
Bəs yuxuda bizə nə olur?
Çoxları yuxunun bədənin ehtiyacı olduğu fikrini irəli sürsə də araşdırmalar göstərir ki, yuxu beynin ehtiyacıdır(2). Yuxuya getdiyimiz zaman beynimizdə olan məlumatların hər biri arxivlənir, lazım olmayan məlumatlar silinir və gün ərzində yaşadığımız hadisələr, aldığımız məlumatlar uşaqlığımıza qədər çatan məlumatlar halqası ilə əlaqəsi qurulur. Öyrəndiyimiz məlumatlar beynimizdə lazımı mövqelərə yerləşdirilir. Təkcə bununla da qurtarmır, bütün bunlar bədənin orqan və hüceyrələri ilə yenidən əlaqə qurur. Məhz buna görə yuxusuz qalmış insan durmadan məlumat yükləndikcə həmin günü aktiv ola bilmir və söz yerinə düşərsə, enerjisi tükənmiş telefondan fərqi olmur/qalmır. Yuxusunu almamış beyin bunu mütləq alacaqdır. Ona görədir ki, iş yerində, ictimai nəqliyyatda yatan insanlara rast gəlirik. Hər nə qədər gecələri yatmayıb dərs və ya işlə məşğul olsanız da zənn etməyin ki, qazanmış olursunuz əksinə itirirsiniz. Deməli araşdırılmada iki qrup götürülür. Birinci qrup gecə yatmayıb dərs oxuyan, ikinci qrup isə gecə yatıb səhər dərs oxuyandır. Bu iki qrupa baxıldıqda görünür ki, birinci qrupun aktivliyi və qavraması ikinciyə nisbətdə xeyli aşağıdır. Ona görə də savadlı gənclik yetişdirmək istəyiriksə, əlifbadan, hətta ana-ata deməzdən də öncə nizamlı yuxu vərdişini öyrətməliyik. Belə olduqda səhər dərsə gəlib, yuxudan ayıla bilməyən, dərsin sonlarına yaxın ayılan və yuxu səbəbi kimi dərsi göstərən gənclərin yerinə gümrah və sağlam həmçinin dərsə köklənə bilən gənclər ortaya çıxar.

  1. Müzzəmmil 73/1-7
  2. Prof.DR Sinan Canan


Yuxunu nizama salmağın faydaları nələrdir?
“Yuxunu nə üçün nizama salmalıyıq?” deyə düşünə bilərsiniz. Təəssüflər olsun ki, texnologiya həyatımıza girəndən bu tərəfə (bizi oyatsın deyə qurduğumuz) zənglər də həyatımıza daxil olub. Yuxumuzu tam almadan və beynin görəcək işlərini yekunlaşdırmamış oyanmağımız bizdə yorğunluq, əzginlik kimi hallar yaradır. Yəqin ki, hər birinizin tətil günlərində zəng qurmamış oyandığınız və gümrah olduğunuz vaxtlar olub. Yuxunu nizama salmaq pozulmuş olan bioloji saatımızı bərpa etmək və zəngsiz qalxmağımızı formalaşdırmaqdır. Hər gün eyni vaxtda yatıb, eyni vaxtda qalxsaq 3 ay müddətində zəngsiz qalxmaq vərdişini qazanmış olacağıq . Təbii ki, bu vaxt sizdən asılı olaraq, az və ya çox da ola bilər. Bu daha çox sizin bioloji saatınızın hansı vəziyyətdə olduğundan asılıdır.
Yuxusunu nizama salmamış insanlardan bu ifadəni tez-tez eşidərsiniz: -“Nə qədər yatsam da yuxudan doymuram”. Beynin tərtibli olmağı və nəyi nə vaxt edəcəyini bilməsi onun işinin səmərəliliyini artırır.
Belə olan halda görəsən nə qədər yatmalıyıq? Təbii ki, bu suala cavab verəcək olan da sizsiniz. Nə qədər yuxu sizə kifayət edəcək? Araşdırmalar ortalama 5 saatdan az, 8 saatdan da çox olmayacaq şəkildə yatmağın normal olduğunu göstərir(3). Yuxunun ən yaxşı və yatmağımıza kömək olan melotonin(4) adlanan hormonun ən çox ifraz olduğu vaxtlar 23:00-02:00 aralığıdır. Bu vaxtlar yuxuda olmaq yuxunun yaxşı olması üçün önəmli faktordur. Tək bununla da iş bitmir. Yatmazdan 3-4 saat əvvəl yağlı, ağır və karbohidratlı qidalardan yeməmək lazımdır. Çünki yeyilən yemək həzm sisteminin işləməsinə və dolayısı yolla yuxunun keyfiyyətinə təsir edir. Zəruri olmadıqca sudan başqa maye qəbul etməmək lazımdır. Həmçinin -bəlkə bu gün bizə yeməkdən daha çətin gələn- elektronik cihazlardan mümkün qədər uzaq durmalıyıq. Yuxunu nizama salmaq üçün önəmli addımlardan ən əsası eyni vaxtda yatıb, eyni vaxtda qalxmaqdır. Həmçinin bununla yanaşı hər gün yatmazdan əvvəl təkrarlayacağınız bir vərdişiniz olarsa, (kitab oxumaq, plan qurmaq və s.) bu da yatağa girib yata bilməyənlər üçün zamanla tez yata bilmələrinə səbəb olacaq. Unutmayaq ki, bioloji saatı pozulmamış insanın yuxuya getmə müddəti 14-17 dəqiqə arası dəyişir. Yatağa girib yata bilməyənlər qoyunları saymaq əvəzinə yatmazdan əvvəl təkrarlaya biləcəkləri bir vərdiş qazansalar bu daha yaxşı effekt verəcəkdir.

3.https://hisarhospital.com/formda-kalmak-icin-yeterli-ve-kaliteli-uyku-sart/

4.Bioloji saat adından da məlum olduğu kimi insan bədənindəki hormonların nə zaman ifraz olunmasını tənzimləyir. Nümunə kimi yatdığımız saat yuxumuzun gəlməsi və ehtiyac olan miqdarı aldıqda oyanmağımızı göstərir.


Yatarkən necə yatmalı?
Yuxuda olarkən bədənimiz iflic halında olur. Belə olmasaydı yuxuda olarkən divara zərbə vuraraq əlimizi və ya ayağımızı zədələyə bilərdik. Yatış forması da çox önəmlidir. Amerikanın Stony Brook Universitetində aparılan yatma formaları haqqındakı araşdırmalarda yan yatmağın beyinin təmizlənməsinə səbəb olduğunu ortaya çıxarmışdır. Araşdırmanın ən maraqlı tərəfi yan yatmağın digər yatış formalarına görə daha faydalı olduğu və beyində istənməyən kimyəvi maddələrin toplanmasının qarşısını aldığı ortaya qoyulub. “Journal of Neurosince” da nəşr olunan araşdırmada bədənin ikinci dövriyyə sistemi olaraq təyin olunan limfa sisteminin rahatlaşdığı və bu zaman daha rahat işlədiyi ifadə edilib. Həmçinin bu yatış forması parkinson və altsheymer xəstəliklərinə düçar olma riskini azaldır. Bununla yanaşı sağ çiyin üzərində yatdıqda sağ burun dəliyi tutulur və nəfəsi sol burun dəliyindən alırıq. Belə olduqda beynin sol yarım kürəsi daha da aktivləşir, ürəyin ritmi azalır, qan təzyiqi aşağı düşür, mədə-bağırsaq sisteminin prosesləri zəifləyir. Nəticədə daha yaxşı yuxu almağımıza səbəb olur. Sol çiyin üstə və arxası üstə yata bilərik. Lakin üzü üstə yatış tərzi həm Yaradanın sevmədiyi yatış formasıdır, həm də tibbi cəhətdən məsləhət deyil . Həmçinin Peyğəmbərimizin ﷺ dəstəmaz alıb, Quran oxuyub, yerinə girdikdən sonra sağ çiyni üstə sağ əlini yanağına qoyaraq və dizlərini bir az özünə çəkərək yuxuya getdiyi də bizə məlumdur.
Bir digər məsələ də yatarkən az-az yatmaq yaxşıdır, yoxsa tam yatmaq?¬¬ məsələsidir. Araşdırmalar və tədqiqatlar göstərir ki, az-az yatıb qalxmaq daha faydalı yuxu formasıdır. Belə ki, bunu 60 dəqiqədən ibarət 7 dəfə oyanıb yatmaqla edə bilər və ya 2 dəfə qalxaraq 210 dəqiqəlik yuxu ilə edə bilərsiniz. Bu sizə qəribə gələ bilər lakin, özünüz sınadıqdan sonra qəribə gəlməyəcək. Belə ki, Peyğəmbərimizin ﷺ həyatında gecə namazı olduğu üçün Oﷺ gecənin 1/3 də qalxaraq namaz qılıb yatardı. Bununla yanaşı Peyğəmbərimizin ﷺ günorta yatdığı da bizə məlumdur. Buna qaylulə adı verilir. 30 dəqiqəni aşmayan bu yuxu gecənin 2 saatlıq yuxusuna bərabərdir. Lakin çalışaq ki, 30 dəqiqəni aşmayaq, çünki bundan sonra dərin yuxu başlayır. Dərin yuxuya keçdikdən sonra onu tamamlamamış qalxsanız yuxudan oyandıqda əzgin və baş ağrısı ilə oyanacaqsınız.
Nəticə etibarilə, keyfiyyətli yuxu almaq istəyiriksə, yuxarıda yazılanları həyatımıza tətbiq etməklə yanaşı qaranlıq, havasının təmiz olduğu və səsin olmadığı bir otaqda yataraq daha keyfiyyətli yuxu əldə edə bilərik. Bir şeyi də unutmayaq ki, gününü əvvəlcədən planlamayan kimsənin tez oyanıb nə edəcəyini bilmədiyi üçün yenidən yatağa qayıdıb yatması gözlənilən davranışdır.
Müəllif: Adıgözəlli Ceyhun

Yorum bırakın

Bir sözüm var

pedaqoji , psixoloji, sosial

WordPress.com ile böyle bir site tasarlayın
Başlayın